Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin Azərbaycana rəsmi səfəri

15-11-2023

Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin Azərbaycana rəsmi səfəri

Cari ilin 14-16 noyabr tarixlərində Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin ölkəmizə rəsmi səfərə gəlmişdir.

Səfərin əsas məqsədi əqli mülkiyyət sahəsində Azərbaycan ilə APT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, ölkəmizdə qeyd edilən sahə üzrə görülən işlərlə yerində tanışlıq, xüsusən Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyinin iş təcrübəsinin öyrənilməsidir.

Noyabrın 15-də “Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşılğın prioritet istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Q.İvliyevi Azərbaycanda səmimi qəlbdən salamlayıb və dəyirmi masada müzakirə olunacaq məsələlərin əməkdaşlığın təkmilləşdirilməsinə və dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, Q.İvliyevin Avrasiya Patent İdarəsinin prezidenti kimi fəaliyyətinin, irəli sürdüyü təşəbbüslərin müstəsna rol oynadığını vurğulayaraq onun təşkilatın fəaliyyəti və inkişafı problemlərinin həllinə yanaşmasının təşkilatın yüksək məqsədlərinə doğru uğurlu irəliləyişin açarı olduğunu söyləyib.

K.İmanov Azərbaycanın fəal iqtisadi və institusional islahatlar ölkəsi olduğunu qeyd edərək Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən tədbirlərin gələcəyə hesablandığını, Qarabağ müharibəsində Böyük Qələbədən sonra bütün işğal olunmuş torpaqların geri qaytarıldığını, bu torpaqlarda möhtəşəm quruculuq prosesinin - Böyük Qayıdışın başlandığını bildirib. O, Agentliyin vəzifəsinin dövlət başçısı tərəfindən formalaşdırılan ən mühüm məqsədləri təmin etmək, ölkə rəhbərinin yaratdığı müstəqil əqli mülkiyyət idarəsinin aparılan islahatların real aktoruna çevirmək olduğunu vurğulayıb.

Dəyirmi masanın təşkilinə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə minnətdaqlıq edən Q.İvliyev əqli mülkiyyət sisteminin inkişafına elmi, dərindən yanaşmasına görə şəxsən Kamran İmanova xüsusi təşəkkürünü bildirib. O, K.Imanovun “Əqli mülkiyyət. Sənaye mülkiyyəti” jurnalındakı son məqaləsində müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyət göstərməsi ilə bağlı fikirlərini yüksək dəyərləndirərək Azərbaycan və APT arasında əməkdaşlığın prioritet istiqamətləri və 2028-ci ilə qədər APT-nın İnkişaf Proqramı haqqında məlumat verib.

Patentlərin artan əhəmiyyəti patent idarələrinin işinin keyfiyyətinin yüksəldilməsi zərurətini diktə etdiyini qeyd edən Q.İvliyev bu ilin may ayında 8 əsas iş istiqamətini özündə əks etdirən və regionda əqli mülkiyyət xidmətlərinin iddiaçılar üçün daha əlçatan və rahat olmasını nəzərdə tutan APT-nın 2028-ci ilə qədər İnkişaf Proqramının qəbul edildiyini vurğulayıb və Azərbaycan tərəfinə strateji inkişaf vektorlarını dəstəklədiyinə görə təşəkkür edib.

Q.İvliyev APT-nın fəaliyyətinin perspektivlərinə toxunaraq Avrasiya Patent Müvəkkilləri Assambleyasının yaradıldığını, ixtiraçıların Avrasiya təşkilatlarının yaradılmasının nəzərdə tutulduğunu, APİ-nin Əczaçılıq Reyestrinin məlumatlarının statusunun təkmilləşdirilməsinin davam etdiyini, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə texnoloji parklar üçün tematik layihənin həyata keçirildiyini, əqli mülkiyyət idarələrinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın milli qurumların işinin sadələşdirilməsi üçün ümumi elektron xidmətlərdən istifadənin genişləndirilməsinə kömək edəcəyini diqqətə çatdırıb. APİ-nin rəhbəri üzv-dövlətlərin dəstəyilə vahid Avrasiya əmtəə nişanının və vahid Avrasiya faydalı modelinin qeydiyyatı sisteminin yaradılmasına, əqli mülkiyyət sahəsində mübahisələrin həlli üzrə Avrasiya sisteminin formalaşdırılmasına hazır olduqlarını bildirib.

Q.İvliyev APT-nin İnzibati Şurasının 2022-ci ilin sentyabrında Moskva şəhərində keçirilən 41-ci iclası zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Avrasiya Patent Təşkilatının “İxtiraçılığa və patent işinə verdiyi töhfəyə görə” V.İ.Blinnikov adına qızıl medalı ilə təltif olunduğunu diqqətə çatdıraraq həmin medalı K.İmanova təqdim edib.

Səfər çərçivəsində Q.İvliyev yüksək səviyyəli görüşlər keçirəcəkdir.

Qeyd edək ki, APT 1994-cü ildə Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələrin yerinə yetirilməsi məqsədilə təsis olunub. Hazırda bu beynəlxalq təşkilata 8 dövlət (Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan) daxildir. Azərbaycan Respublikası 1995-ci ildən APT-nın tam hüquqlu üzvüdür.

2019-cu ildə “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol” imzalanıb. 2022-ci ildə APT-nın dəstəyi ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı ilə müraciətlərin qəbulu üzrə pilot layihə həyata keçirilib.

İndiyədək APT-yə Azərbaycandan ixtiralara görə 525 Avrasiya patent iddia sənədi verilib (2022-ci ildə 45, 2023-cü ildə isə 25). Hazırda Azərbaycan Respublikası ərazisində 9496 Avrasiya patenti qüvvədədir.

Patent iddia sənədləri içərisində əsasən mədən işi, əczaçılıq və dərmanlar, tibb və baytarlıq sahələri üstünlük təşkil edir. Azərbaycandan olan iddiaçılara 381 Avrasiya patenti verilib.

Ölkəmizdən ən aktiv müraciət edən təşkilatlara "Neftqazelmitədqiqatlayihə" İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu daxildir. Azərbaycandan olan müraciətlərin 60%-i fiziki şəxslər tərəfindən verilib.