ŞƏXSİ KABİNET

Caspian European Club Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə biznes-forum keçirib

2018-03-07

Caspian European Club-un Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə bu gün (7 mart) təşkil etdiyi biznes-forumda biznes nümayəndələri ilə son illər standartlaşma, metrologiya, akkreditasiya və patent sahəsindəki əsas islahatlar və inkişaf istiqamətləri müzakirə olunub.

Toplantıda çıxış edən Ramiz Həsənov Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

O qeyd edib ki, dövlət başçısı tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Ramiz Həsənovun sözlərinə görə, ötən dövr ərzində keyfiyyət infrastrukturu sahələrində aparılmış mühüm islahatlardan biri “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanıdır.

Ramiz Həsənov bildirib ki, dövlət başçısının Fərmanına əsasən Komitə tərəfindən standartlaşdırma, metrologiya, akkreditasiya və patent sahəsi üzrə 4 publik hüquqi şəxs təsis edilib. Bununla həmin sahələrdə fəaliyyət göstərən qurumların  dövlət büdcəsindən asılılığı aradan qaldırılıb, işçilər daha yüksək məvaciblə publik hüquqi şəxslərdə işlə təmin olunub: ““Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Qanun layihələrinin Milli Məclisdə müzakirəsi yekunlaşmaq üzrədir. Azərbaycan Standartlaşdırma İnstitutunun milli standartlaşdırma qurumu kimi İSO-da üzvlüyü təmin edilib, Avropa Standartlaşdırma Təşkilatında (CEN-CENELEC) “tərəfdaş standartlaşdırma orqanı” statusunda təmsil olunması istiqamətində işlər aparılır. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin EA-ya assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb, Mərkəz yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin EA-nın ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir.”

Metrologiya sahəsində görülmüş işlərə toxunan komitə sədri qeyd edib ki, Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınması istiqamətində bir sıra işlər görülüb: “31 yanvar 2018-ci ildə Braunşveyq şəhərində, Almaniya Milli Metrologiya İnstitutunda (PTB) KOOMET-in iclasında Azərbaycan Metrologiya İnstitutuna keyfiyyəti idarəetmə sisteminin “Tanınma Şəhadətnaməsi” təqdim edilib.”

O, həmçinin qonaqları həyata keçirilən islahatlar nəticəsində əldə olunmuş nəticələr, texniki tənzimləmə və standartlaşdırma, akkreditasiya, metrologiya, patent və əmtəə nişanları sahələrindəki fəaliyyət, eləcə də Komitə qarşısında bir sıra vəzifələr qoyan  Dövlət Proqramları və Strateji Yol Xəritələri barədə məlumatlandırıb.

Sonda biznes-forum iştirakçılarının sözügedən mövzu üzrə təklifləri, o cümlədən Caspian European Club-a üzv olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib.

Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Ramiz Həsənova minnətdarlığını bildirib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, bu sahə üzrə əməkdaşlığın yollarını müzakirə ediblər.

Telman Əliyev biznes-forumun bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”yə dəvət edib. 

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club yaradılıb. İki il ərzində onlar Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik olaraq Caspian American Club və Caspian Asia Club-un, Caspian American Club və Caspian Asia Club-da yer alanlar isə Caspian European Club-un üzvü hesab edilirlər.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və  Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqmaətində fəal iş aparır.

Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Biznes-forumda Ramiz Həsənova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Tədbirdə  şirkət rəhbərləri, səfirlər və bir sıra diplomatik qurum nümayəndələri iştirak ediblər.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, CaspianEuropean Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum,CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.



« XƏBƏRLƏR




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by