ŞƏXSİ KABİNET

AZƏRBAYCANDA PATENT SİSTEMİ – 25 İL


Əqli mülkiyyət hüquqlarının qorunmasının təqribən 500 il tarixi var. Patentlə bağlı ilk qanun 1623-cü ildə Böyük Britaniyada, 1812-ci ildə isə Rusiyada qəbul olunmuşdur. Amerikada quldarlıq quruluşunu ləğv edən prezident Avraam Linkoln patentdən yararlanan ilk və hələki, son ABŞ prezidentidir. 22 may 1849-cu ildə Avraam Linkoln suyun dayaz və maneəli yerlərində gəminin qalxması üçün istifadə olunan qurğunu patentləşdirmişdir.

Patent ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir.

Azərbaycanda patent sisteminin təşəkkül tapmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Müstəqilliyin ilk illərində ölkədə, digər sahələrdə olduğu kimi, əqli mülkiyyət sahəsində dövlət siyasətinin aparılması, hüquqların tənzimlənməsi, beynəlxalq sistemə inteqrasiya və s. məsələlərin həlli ön plana çəkilmişdir.

Patent sistemi öz fəaliyyətinə 1993-cü ildə Dövlət Elm və Texnika Komitəsinin tərkibində yaradılan Patent-Lisenziya İdarəsi ilə başlayıb. Sonradan aparılan struktur dəyişikliyinə əsasən Patent-Lisenziya İdarəsinin bazası və fəaliyyət dairəsi genişlənərək, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb. Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarəedilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının əqli mülkiyyət üzrə ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-yə üzvdür. Azərbaycan Respublikası bu günədək Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) patent sistemi sahəsinə aid olan 17 konvensiya, saziş və müqavilələrdən 11-nə qoşulub. Bunlara misal olaraq ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişini göstərmək olar. Həmçinin 10 ölkə ilə ikitərəfli sazişlər imzalanıb.

11 oktyabr 2011-ci il tarixində "E-Azərbaycan" Dövlət Proqramı çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) arasında ölkəmizdə əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompyuterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədi daşıyan “Azərbaycanda Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair” qrant razılaşması imzalanıb. Razılaşmaya əsasən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən həyata keçirilən layihə ölkəmizdə "E-Azərbaycan" Dövlət Proqramı çərçivəsində patent sisteminin tam elektronlaşdırılması, e-idarəetmənin tətbiqi, əqli mülkiyyət hüquqlarının qeydiyyatı və mühafizəsi sahəsində e-xidmətlərin göstərilməsi və s. mühüm istiqamətləri əhatə edib.

İlk dəfə ÜƏMT-nin Baş direktoru ölkəyə 2006-cı ildə səfər edib. Bu zaman təşkilata rəhbərlik edən Kamil İdrisin Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, xarici işlər naziri və digər hökumət rəsmiləri ilə görüşlər keçirilib, Azərbaycan Respublikası ilə ÜƏMT arasında “Əməkdaşlıq Proqramı” imzalanıb. Eyni zamanda Kamil İdrisi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qəbul etmiş, qəbul zamanı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ÜƏMT-nin qızıl medalı təqdim edilmişdir.

ÜƏMT-nin 2008-ci ildən Baş direktoru olan Frensis Qarri 2014-cü ildə Azərbaycan Respublikasına səfər edib. Səfər zamanı o, Azərbaycan Respublikasının Prezidenti, Baş nazirin müavini, xarici işlər naziri və digər hökumət rəsmiləri ilə görüş keçirmiş və Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında 2014-2017-ci illəri əhatə edən fəaliyyət planını əks etdirən əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan tərəfinin rəsmi dəvətinə əsasən 2018-ci ilin ilin 4-6 iyun tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarrinin Bakıya növbəti səfəri nəzərdə tutulub.

Hazırda ölkə başçısı tərəfindən iqtisadiyyatın bütün sahələrində, eləcə də sənaye və ticarət sahələrində çevik islahatlar aparılmaqdadır. Ölkə rəhbəri tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyət idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Keyfiyyət infrastrukturu sahələrində aparılmış mühüm islahatlardan biri “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanıdır. Fərmanın icrası ilə əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən publik hüquqi şəxslər təsis edilib. Bunlardan biri ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müqavilələrin qeydiyyatını aparan, mühafizə sənədləri və şəhadətnamələr verən, məlumatların dərcini həyata keçirən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirən “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsidir.

Ötən bir il ərzində Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən bir sıra işlər görülmüşdür. Mərkəzin və ÜƏMT-nin birgə təşkilatçılığı ilə əqli mülkiyyət sahəsində müxtəlif mövzularda yerli, regional və beynəlxalq seminarlar keçirilib. ÜƏMT-nin Akademiyası ilə danışıqlara başlanılıb və “Elektron axtarış və ekspertiza proqramı” çərçivəsində Mərkəzdə ehtiyaclarin təhlili missiyasi üzrə mütəxəssislərin görüşləri olub. Bu missiya çərçivəsində sənaye mülkiyyəti hüquqları üzrə Təlim Mərkəzinin yaradılması və fəaliyyətinə dəstək məsələləri də öz həllini tapacaq. Mərkəzin ekspertləri ÜƏMT-nin Baş Assambleyalarında, həmçinin ÜƏMT və ÜTT-nin birgə seminar və təlimlərində, onlayn təhsil proqramlarında mütəmadi olaraq iştirak edir. Eyni zamanda Patent və Əmtəə Nişanları Mərkəzi ilə Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Mərkəzin və digər qrumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycana məxsus coğrafi göstəricilərin müəyyənləşdirilməsi və qeydiyyatı üzrə işçi qrupu təşkil edilib. Bundan başqa regionlarda da əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə mövzularında seminarlar keçirilib.

Çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlət başçısı tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. Bu sırada atılan addımlardan biri də qeyri-neft məhsulları ixracını stimullaşdırmaq üçün “Made in Azerbaijan” brendinin təşviqi məsələləridir. Bu gün dünya bazarlarında rəqabətə girəcək məhsullara beynəxalq qiymətləndirmə şirkətləri tərəfindən sertifikatların verilməsi və patentlərin alınması vacibdir. Ölkə başçısı ixracatçıların xarici ölkələrdə məhsula sertifikat alınmasının, habelə, əmtəə nişanlarının Azərbaycanda və xaricdə qeydiyyatına görə dəstək verilməsinin önəmli olduğunu və müvafiq dövlət orqanlarının da bu müstəvidə ixracatçılara dəstək olmasının mühüm olduğunu bildirib. Cənab Prezident dünyada “Made in Azerbaijan” brendinin təbliğ olunmasının vacibliyini qeyd edib.

Ölkə başçısının qeyri-neft məhsulları ixracını stimullaşdırmaq məqsədilə “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi barədə verdiyi sərəncam və fərmanlar çərçivəsində Mərkəz tərəfindən müvafiq işlər görülməkdədir. Bu istiqamətdə Mərkəz mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir, seminarlar təşkil edilir və sahibkarlara patent hüququ obyektlərinin mühafizəsi sahəsində məsləhətlər, tövsiyyələr verilir. Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin (TİDM) İnkişafına dair” təlim-seminar, “Sənaye nümunələrinin Beynəlxalq Qeydiyyatı üzrə Haaqa Sisteminin səmərəli istifadəsi” mövzusunda beynəlxalq seminar, “Əqli mülkiyyət və ənənəvi biliklər” və “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzusunda beynəlxalq seminarlar keçirilib. Mərkəz Mərakeşin Kasablanka şəhərində keçirilmiş ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) tərəfindən təşkil olunan və ABŞ Dövlət Departamentinin Orta Şərq Tərəfdaşlığı Təşəbbüsü tərəfindən maliyyələşdirilən Kiçik və Orta Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi üzrə Orta Şərq və Şimalı Afrika Regional Proqramını əhatə edən seminarda, İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələr Assambleyasının 57-ci sessiyasında iştirak edilib.

Mərkəz tərəfindən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və ya coğrafi göstəricilərə patent və şəhadətnamələrin alınması zamanı prosesin asanlaşmanı, bürokratik əngəllərin aradan qaldırılması məqsədilə müraciətlərin elektronlaşdırılması həyata keçirilib. Artıq sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsini təmin etmək məqsədilə iddiası olan istənilən hüquqi və ya fiziki şəxs Patent və Əmtəə Nişanları Mərkəzinə müraciət edərək mövcud sənədləri təqdim edə bilir. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsindən keçid etməklə “Elektron Patent Xidməti” bölməsi vasitəsilə də etmək mümkündür. Bu sistem vasitəsilə iddiaçı ilə mərkəz arasında münasibətlər onlayn, elektron qaydada həyata keçirilir. İddiaçılar ekspertiza və dövlət rüsumunu da real vaxt rejimində həyata keçirir. Müraciət edən şəxsin ixtirasına və ya əmtəə nişanına dair ekspertiza aparıldıqdan sonra müvafiq sənəd (Patent və ya Şəhadətnamə) verilir. Bu sənəd əsasında həmin şəxsin ixtirasına və ya əmtəə nişanına sahiblik hüququ rəsmən təsdiqlənmiş olur. Həmçinin “Elektron Hökumət” portalında əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu və ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidmətləri də mövcuddur.

Yerli brendlərin maraq kəsb edən xarici ölkələrdə qeydiyyatı üçün Patent və Əmtəə Nişanları Mərkəzinin xidmətlərindən yararlanaraq, beynəlxalq sənədlərin verdiyi imkanlardan səmərəli istifadə etmək mümkündür. Bunun nəticəsidir ki, artıq 90 milli nişan beynəlxalq mühafizə qabiliyyətini əldə edib. Bunların sırasında “Socar”, “Azərsun”, “AzNAr”, “Sirab”, “Badamlı” və “Duzdağ” və s.-ni misal göstərmək olar. Eyni zamanda regionlarımıza aid mənşə yeri ilə bağlı məhsullarımızın (kənd təsərrüfatı məhsulları, sənətkarlıq nümunələri, mineral sular, istərsə də faydalı qazıntılara aid məhsullar (duz, mərmər) və s.) adlarından ibarət siyahının tərtib edilməsi məqsədi ilə İşçi Qrup yaradılıb. İşçi Qrupda təmsil olunan Kənd Təsərrüfatı, Səhiyyə, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Milli Kulinariya Mərkəzinin, Naxçıvan MR SMPDK-nın, AZPROMO-nun və “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin nümayəndələrinin təkliflərinə baxılmaqdadır.

Bundan başqa ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin, fiziki şəxslərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə 2013-cü ildən başlayaraq Respublika müsabiqələri keçirilir.

2013-cü ildə “Alkil-üçlü-alkil efirlərinin ion mayesi ilə selektiv təmizlənməsi üsulu” adlı ixtiraya görə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov birinci dərəcəli diploma layiq görülmüşdür.

2014-cü ildə Azərbaycan Mühəndislik Akademiyası “Konduktiv soyutmalı lentli-kündəli əyləc” ixtirasına görə birinci dərəcəli diploma layıq görülüb.

2016-ci ildə Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası “İlin Patentləri” seçilib.

2017-ci ildə “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası “İlin Patenti” müəyyən olunub.

Azərbaycanın qeyri-neft məhsullarının xaricdə təşviqi məqsədi ilə ölkə bazarında kifayət qədər tanınan şirkətlərin əmtəə nişanlarından ibarət “Azərbaycan brendləri” adlı albom-kataloq üzərində işlər də yekunlaşmaq üzrədir.

Made in Azerbaijan” brendinin təşviqində verdiyi tövhəyə görə” “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi iqtisadiyyat və biznes sahəsində “UĞUR” Milli Mükafatına layiq görülüb.

Ümumilikdə milli prosedur üzrə təxminən 30 minə yaxın əmtəə nişanı qeydiyyata alınıb və beynəlxalq saziş və protokola əsasən isə 50 minə yaxın əmtəə nişanının qeydiyyatı ölkəmizdə qüvvədə saxlanılıb.

Elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edən, yaranan məhsula əlavə dəyər verən, insan kapitalına əsaslanan əsas qeyri-maddi aktivlərdir.

Milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanması aktual məsələ kimi ortaya qoyulub. Beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açır və böyük iqtisadi uğurla nəticələnir.

Sənaye mülkiyyəti obyektləri sırasında ixtiraların sənayedə tətbiqi mexanizmlərinin inkişafı zəruri məsələlərdəndir. Dünya iqtisadiyyatının inkişafını şərtləndirən əsas amillər sırasında innovativlik hər zaman aparıcı yer tutmaqdadır. İqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə daha da çox qiymətləndirilməkdədir. Cari iqtisadi proseslər Azərbaycan sənayesində innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında yaradıcı yeniliklər əsas amillər kimi qiymətləndirilir. Intellektual komponentlər qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha da uğurlu nəticələrə yol açır. Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmin olunması, yeni həllərin axtarışının təşviq olunması, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artmaqdadır. Buna görə də əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarəolunması mexanizmlərinin davamlı inkişafı zəruridir.

Əqli mülkiyyətə marağın daha da artdığı son illərdə biliklərin, texnologiyaların və yaradıcılıq əməyinin nəticəsi olan məhsulların müasir iqtisadiyyatın təkanverici qüvvəsinə çevrilməsi, ölkədə innovativ fəaliyyət və əqli mülkiyyət sahələrinin daha da inkişaf etdirilməsi beynəlxalq əməkdaşlığın aktuallığını gündəmə gətirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişafında innovativ fəaliyyətin rolunun, qeyri-neft ixracı potensialının gücləndirilməsi ilə bağlı əqli mülkiyyət hüquqlarının qorunmasının zəruriliyini artırmış olur.




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by